Ay Cani Yanmis
Mən sənə nə dedim, ay canı yanmış?
Sözümü söyləyə bilmədim sənə,
Nə tanrı tanıdın, nə də yalvarış-
Qoymadın danışam, boşalsın sinəm,
Mən sənə nə dedim, ay canı yanmış?
İçimdə həsrətim göynər bahar, qış
Gözümdən süzülər leysan, ağ yağış,
Qulaq as sözümə, bircə söz danış,
Mən sənə nə dedim, ay canı yanmış?
Ağıya köklənib sinəmdə tellər,
Min nalə qoparır əsəndə yellər,
Dərd üstə dərd yağdı ötüşən illər,
Mən sənə nə dedim, ay canı yanmış?
Qismətim bir parça bəşər buludu,
Bilmirəm, yağışdı, yoxsa doludu,
Dünyanı yaşadan torpaqdı, sudu,
Mən sənə nə dedim, ay canı yanmış?
Qulaq as, bir kəlmə sözümü dinlə,
Yandırma cismimi öz atəşinlə,
Gedirsən canım da gedir səninlə,
Mən sənə nə dedim, ay canı yanmış?
Bu sevda yolunda çəkmədim nələr,
Ulduzlar eşitsə, göydən nur ələr,
Sevənin çəkdiyin sevənlər bilər,
Mən sənə nə dedim, ay canı yanmış?
Bu gənclik həyatı ani bir yuxu,
Hicranla, həsrətlə ötüşür çoxu,
Oxu, çəkdiyimi, gözümdən oxu,
Mən sənə nə dedim, ay canı yanmış?