BAYATILAR
Əzizim dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin?
Tifilkən dərd əmərdim.
Bayatilar! Sözə ənbər qatılar,
Damarımda nəbz kimi atılar.
Bayatının atəşindən, odundan
Ürəyimdə neçə tonqal çatılar.
Bayatılar! Sinə dağı, göz dağı,
Məhəbbətin tüstülənən ocağı.
Bir millətin kimliyini bildirən,
Nəfəsindən ləpələnən bayrağı!
Bayatının boyasına boyandım,
Söz - qibləmdir, söz - eşqimdir, söz andım.
Bayatının tilsiminə düşüncə
Vallah şair ölduğuma utandım.
Aprel, 1998.
YAĞMASA...
İstəyim budur ki, yolum gen olsun
O nisyə gələcək qoy sənin olsun.
Vaxtın öz ünvanı, öz adıyam mən
İndinin, bu günün övladıyam mən.
Ümid-boynumuza keçən kəmənddir
Gözlə, öz-özünə -açilan deyil:
Əkdiyin o taxıl yağışa bənddir
Yağmasa, bir dənən beş olan deyil.
İstərəm xəyalım, yuxum çin olsun
İndi boş ümidlər ar gəlir mənə.
Səpdiyin o toxum qoy sənin olsun
Çörək ver mənə!
İyun, 1998.
alinti