...Yada abidələr ucaldıb dedik:
Fəhləlik bizimdir, ustalıq sənin.
Çox zaman özgəyə qulluq elədik
Beyin bizim oldu, əsər özgənin.
Nadir də, Qacar da ölkələr aldı,
Vətən ucalmadı, özü ucaldı,
Öz doğma yurdunu ayağa saldı,
Şahlar bizim oldu, zəfər özgənin.
Saldıq özümüzü özümüz gözdən,
Kül ilə oynadıq əl çəkib közdən.
Ölkələr nur aldı şəfəqimizdən,
Günəş bizim oldu, səhər özgənin.
Mənim sərvətimə cahan göz dikdi,
Sərvətim, dövlətim ona gərəkdi.
Babam yer şumladı, babam yer əkdi,
Əmək bizim oldu, bəhər özgənin.
Açdı sinəsini bizə bu torpaq,
Aləmi bəzəyib lüt olduq ancaq.
Cıdırda çapsaq da hamıdan qabaq,
Hünər bizim oldu, nəmər özgənin,
Qızıl bizim oldu, kəmər özgənin.
1969.
İKİ KOR
Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.
Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.
Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur, deyərdim.
1968
QƏZƏL
'Gəl-gəl' deyə hicrində kaman tək mələdim mən,
Bir ömrü sənin eşqinə qurban elədim mən.
Asudə tifildin, nə qəmin vardı, nə dərdin,
Dərdimlə sənin gözlərini sürmələdim mən.
Hissim sənə 'gəl-gəl' dedi, əqlim dedi 'get-get'
Bu qanlı döyüşdən mənə imdad dilədim mən.
Eşqim də qaxınc oldu mənim başıma hər gün,
Bir eşqin ucundan nə qədər tənə yedim mən.
Öz hissini dustaq eləyən Bəxtiyar olmaz,
Öz eşqimə, öz könlümü zindan elədim mən.
fevral, 1969.
BÖL GÖRÜM
'Bəxtim, mənə yar ol', deyib çağlaram,
Yar olmasa de bəxtiyar ol görüm.
Gələcəyə ümidimi bağlaram,
Bir an sonra nə olacaq, bil, görüm.
Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül görüm.
Dünyamızı yasa, toya bölmüşük,
Sevdamızı oda, suya bölmüşük,
Ömrümüzü günə, aya bölmüşük,
Min arzuya, min diləyə böl görüm.
1974.
DÜNYANIN..
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.
1977.
alinti